Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq
Bakı, 1 oktyabr, AZƏRTAC
İqtisadi və maliyyə cəbhəsində biz Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bir neçə ortaölçülü bazarı vahid investisiya portfelində birləşdirən birgə investisiya fondları təsis etmişik. Bu fondların hər birində Azərbaycanın payı ən azı 50 faiz təşkil edir. Bu yolla Azərbaycan və Mərkəzi Asiya bir tərəfdən Türkiyə və daha sonra Avropaya, digər tərəfdən isə Asiyaya bağlanan vahid iqtisadi məkan formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bizim üçün regional inteqrasiyanın növbəti mərhələsi malların sərhədlərdən keçirilməsindən kənara çıxmalıdır.
“İqtisadiyyatlarımızın bir-birini tamamlayan güclü tərəflərə malik olduğu sektorlarda regional dəyər zəncirləri quraraq getdikcə daha çox istehsal etməliyik. Bizim iri şirkətlərimiz və maliyyə qurumlarımız artıq fəal çalışır və bir-birinin bazarlarında təmsil olunur. İnanırıq ki, etimad imzalarla deyil, nəticələrlə ölçülür. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellekt, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su resurslarının idarə edilməsi sahələrini əhatə edən 10,8 milyard dollar dəyərində 23 müqavilə və saziş imzalandı. Mərkəzi Asiya dövlətləri və iştirakçıları, eləcə də ABŞ şirkətləri və korporasiyaları burada böyük fəallıq göstərdilər. Forum aralarında nəhənglərin olduğu, ümumilikdə 3 trilyon dollar aktivi idarə edən investorları bir araya gətirdi. Bu, beynəlxalq investorların Azərbaycana artan inamının bariz göstəricisidir. Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq”, - deyə nazir qeyd edib.