Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir
Bakı, 1 oktyabr AZƏRTAC
Orta Dəhlizin əsas xüsusiyyətlərindən biri onun müxtəlif nəqliyyat sistemlərini vahid marşrut çərçivəsində birləşdirməsidir. Marşrut boyunca yük qatarları, avtomobil nəqliyyatı və Xəzər dənizində fəaliyyət göstərən bərə və yük gəmilərindən istifadə olunur. Bu xüsusiyyət Orta Dəhlizi klassik quru nəqliyyat marşrutlarından fərqləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı, beynəlxalq nəqliyyat sistemləri üzrə ekspert Elçin Yusifzadə deyib.
O bildirib ki, dəhlizin inkişafında Azərbaycanın coğrafi mövqeyi xüsusi rol oynayır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində mühüm tranzit mövqeyə malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkənin avtomobil yolları Orta Dəhlizin mühüm infrastruktur elementləri hesab olunur. Orta Dəhlizin inkişafı beynəlxalq yükdaşımaların alternativ marşrutlar üzrə həyata keçirilməsinə imkan yaradır. Bu isə logistika zəncirlərinin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə qlobal ticarətdə baş verən geosiyasi və iqtisadi dəyişikliklər fonunda alternativ nəqliyyat marşrutlarına tələbat artır.
Ekspert deyib ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqədar xüsusi sessiyanın keçirilməsi təsadüfi deyildi. Orta Dəhlizin genişləndirilməsi iştirakçı dövlətlərdə nəqliyyat infrastrukturunun yenilənməsini və yeni logistika obyektlərinin yaradılmasını stimullaşdırır. Dəmir yollarının modernləşdirilməsi, limanların imkanlarının artırılması, avtomobil yollarının təkmilləşdirilməsi və logistika mərkəzlərinin yaradılması dəhlizin səmərəliliyini yüksəldən əsas amillərdəndir. Bunları həyata keçirmək üçün isə sərmayə yatırımı tələb olunur. Bir halda ki, Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir, onda dəhlizin genişləndirilməsinə sərmayə mütləq yatırılmalıdır.
“Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm nəqliyyat qovşağıdır. Liman Xəzər dənizi üzərindən həyata keçirilən daşımaların Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyasına xidmət edir. Eyni zamanda, Ələt ərazisində formalaşan logistika infrastrukturu ölkənin tranzit potensialının artırılmasına yönəlib. Bakı–Tbilisi–Qars dəmir yolu da Orta Dəhlizin mühüm hissələrindən biridir. Bu xətt Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini birləşdirərək Xəzər hövzəsindən Avropa istiqamətində yükdaşımaların həyata keçirilməsinə imkan yaradır və Azərbaycanın dünya ticarətinə inteqrasiyasını şərtləndirir”, - deyə o bildirib.