Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında vətəndaş Telman Şükür oğlu Mustafayevə məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib.
Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kiloqram donmuş və 22 kiloqram donu açılmış toyuq əti isə saxlanca qoyulub.
Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb.