İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
Bakı, 1 oktyabr, AZƏRTAC
İsveçrədə indiyədək qeydə alınmış ən isti yay mövsümü nəticəsində uzun müddət torpaq altında qalmış xarabalıqların izləri üzə çıxıb və bu səbəbdən arxeoloqlar ölkənin Qədim Roma dövrünə aid xəritələrini yenidən tərtib edirlər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, quraqlıq səbəbindən gizli arxeoloji məkanlar “parch marks” (bitki örtüyünün quruması nəticəsində yaranan izlər) vasitəsilə aşkar edilə bilər. Bu, cari ildəki istilik dalğalarının yaratdığı bir sıra təsirlərdən biridir və həmin dalğalar çay yataqlarında İkinci Dünya müharibəsi dövrünə aid qalıqları da üzə çıxarıb.
İsveçrənin Vaud kantonundakı arxeoloqlar dron vasitəsilə Aventikum ətrafındakı tarlaların gündəlik şəkillərini çəkiblər. Aventikum Yuli Sezarın yerli qəbilələri məğlub etməsindən sonra 2000 il əvvəl əsası qoyulmuş Roma vilayətinin keçmiş paytaxtı olub və hazırda həmin ərazidə kiçik Avenş şəhəri yerləşir.
“Bunlar orada son 50 il ərzində, yəni arxeoloqların iki nəslinin fəaliyyəti dövründə əldə edilmiş ən zəngin tapıntılardır”, – deyə Vaud bölgəsinin arxeoloqu Jordan Anastassov bildirib.
Görüntülər əvvəllər məlum olmayan və ya haqqında çox az məlumat olan hamamlar, evlər, yollar və ehtimal olunan bir məbədin izlərini üzə çıxarıb; bunların bir çoxu şəhərin indiyədək heç vaxt qazıntı aparılmamış hissələrində aşkar edilib. Roma hakimiyyəti dövründə çiçəklənən bu şəhər III əsrdən etibarən german tayfalarının hücumlarının artması ilə tədricən tənəzzülə uğramışdı.
Beş arxeoloqdan ibarət qrup aşkar edilmiş obyektləri xəritələr üzərinə bənövşəyi rəngdə işarələyərək boşluqları doldurub və səhv qeydləri düzəldib. İyun-avqust ayları ərzində müşahidə olunan izlərin bəziləri otbiçimi və havaların soyuması səbəbindən yoxa çıxsa da, sentyabrda da qeyri-adi dərəcədə isti hava şəraitinin davam etməsi nəticəsində qismən solmuş yonca tarlasında hamam kompleksinə aid yeni hovuzun konturları görünür.
İsveçrə və Avropanın digər yerlərində də torpaq altında qalmış tarixi qalıqlar üzə çıxıb, lakin onların bir çoxunu şərh etmək çətindir. Bunun səbəbi həmin tapıntıların təcrid olunmuş vəziyyətdə olması və onları araşdıran xüsusi mütəxəssislərin çatışmazlığıdır.
İsveçrəli arxeoloqlar əldə etdikləri nəticələri həmkarlarına təqdim edəcək və quraqlıq şəraitində qazıntı işləri aparacaqlar.