Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bildirib ki, Krallıq öz təhlükəsizliyinə qarşı hər hansı təhdidə və ya hücuma qətiyyətlə cavab verəcək. O, Ər-Riyadın regional gərginliyi azaltmaq və diplomatik həlləri dəstəkləmək üçün çalışmağa davam edəcəyini də vurğulayıb.
AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Krallığın vəliəhdi Ər-Riyadda Kral Salmanın adından xalqa etdiyi müraciətdə bildirib: “Ölkəmizin təhlükəsizliyini pozmağa yönəlmiş hər hansı təhdidə və ya təcavüzə qətiyyətlə cavab verməkdən çəkinməyəcəyik”. O əlavə edib ki, Səudiyyə Ərəbistanı gərginliyi azaltmaq və diplomatik həlləri dəstəkləmək üçün hər cür səy göstərir.
Məhəmməd bin Salman qeyd edib ki, Körfəz ölkələrinə qarşı son hücumlar regionun təhlükəsizliyinin bölünməz olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı təhdidlərin qarşısını ala biləcək hərbi və insan resurslarına malikdir.
Vəliəhd, həmçinin Məkkə Müdafiə Alyansının regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
Qlobal enerji böhranına toxunan Krallığın vəliəhdi bildirib ki, Səudiyyə Ərəbistanı qlobal enerji təhlükəsizliyinin təminatçısıdır. O, regional gərginliyə baxmayaraq, ölkəsinin beynəlxalq bazarlara neft tədarükünü davam etdirmək qabiliyyətini nümayiş etdirdiyini deyib. “Bu gün dünya açıq imkanları olan enerji böhranı ilə üzləşir”, - deyə o bildirib.
Məhəmməd bin Salman beynəlxalq su yollarının siyasi və ya iqtisadi təzyiq aləti kimi istifadəsini pisləyib. O qeyd edib ki, bu məsələ Hörmüz boğazı və Bab əl-Məndəb vasitəsilə gəmiçilikdə yaranan fasilələr fonunda daha da aktuallaşıb.