Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
Bakı, 1 oktyabr, AZƏRTAC
Müstəqil dövlətçilik tariximizin ən mühüm sütunlarından biri olan Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və peşə bayramı ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməsi bu mühüm dövlət təsisatına və onun əməkdaşlarının əməyinə verilən ən yüksək qiymətin təzahürüdür. Bir əsrdən artıq zəngin tarixi dövr ərzində prokurorluq orqanları qanunun aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı barışmaz mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində şərəfli bir yol keçərək dövlətimizin əsas sütunlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan Prokurorluğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Prokurorluq işçiləri Vətənə və xalqa sədaqətlə xidmət etməyə, respublikamızın davamlı inkişafı, beynəlxalq aləmə inteqrasiyası naminə və qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla öz üzərilərinə düşən vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, vaxtilə ədliyyə və prokurorluq orqanlarında və Bakı şəhər prokuroru vəzifəsində işləmiş Çingiz Qənizadə bildirib.
Tanınmış hüquq müdafiəçisi qeyd edib ki, 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun əməkdaşlarının, həmçinin prokurorluğun veteranlarının Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüşlər keçirməsi onlara olan hörmət və ehtiramın təzahürüdür. Şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoyuldu. 2023-cü il sentyabrın 19-da isə yenilməz Ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bu əməliyyatdan sonra həbs olunan qondarma separatçı rejimin rəhbərləri və üzvləri barəsində ittiham aktının hazırlanmasında və cinayət işinin məhkəməyə göndərilməsində Baş Prokurorluq mərkəzi və həlledici rolu həyata keçirdi. Prokurorluq orqanları bu prosesdə həm ibtidai istintaqa rəhbərlik edən, həm də toplanmış sübutlar əsasında hüquqi yekun sənədi (ittiham aktını) təsdiqləyən əsas instansiya oldu. Həbs edilən separatçı rejim nümayəndələrinin cəlb olunduğu birgə istintaq qrupu yaradılmış və bu qrupa Baş Prokurorluq rəhbərlik etmişdir.
Ç.Qənizadə separatçıların törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərin, terrorizmin, qanunsuz hərbi birləşmələri yaratma və aqressiv müharibə aparma kimi 20-dən çox ağır maddə üzrə konkret ittihamların formalaşdırılmasının birbaşa prokurorluğun səlahiyyətində olduğunu bildirmiş, toplanmış faktlar və ekspertiza rəyləri əsasında hər bir şəxsin fərdi məsuliyyəti prokuror tərəfindən hüquqi müstəvidə tövsif edilmişdir. Baş prokuror belə xüsusilə ağır cinayət işində dəstək göstərən istintaqçılara, dövlət ittihamçılarına, məhkəmə hakimlərinə, eləcə də bu işlərlə bağlı sübutlar toplamış veteran prokurorlara ayrı-ayrılıqda minnətdarlığını çatdırmışdır.
Tanınmış hüquqşünas diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1993-cü ilin ikinci yarısından başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğu müasir, demokratik qurum kimi tamamilə yenidən formalaşdırıldı və dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemində də özünü büruzə verdi. Həmin vaxtdan etibarən prokurorluqda, xüsusilə də müstəqillik illərində ölkənin hüquq sisteminin beynəlxalq standartlara uyğun istiqamətləndirilməsi yolunda mühüm islahatlar aparıldı. Prokurorluq işçiləri Vətənə və xalqa sədaqətlə xidmət etməyə, respublikamızın davamlı inkişafı, beynəlxalq aləmə inteqrasiyası naminə və qanunçuluğun keşiyində ayıq-sayıq dayanmaqla öz üzərilərinə düşən vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində həyata keçirilən mütərəqqi islahatlardan söhbət açan tanınmış hüquqşünas deyib ki, əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoydu. Bu sahədə həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildi. Prokurorluq orqanlarında kadr siyasətinin daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanıldı. 2020-ci ildən başlayaraq, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların test üsulu ilə işə qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib. Bu məsələlərdə kifayət qədər təcrübəli, savadlı və tələbkar olan baş prokuror Kamran Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun rəhbərliyi altında Azərbaycan Prokurorluğunun əməkdaşları bu gün də qanunlarımızın keşiyində ayıq-sayıq durmaqda davam edirlər.
Komitə sədri Azərbaycan Prokurorluğu qarşısında qoyulmuş yeni və olduqca mühüm vəzifələrdən söhbət açaraq deyib ki, dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi həmişə diqqət mərkəzindədir. Bu baxımdan Baş Prokurorluğun xaricdə yaşayan və sosial şəbəkələrdə Azərbaycana qarşı fəaliyyət göstərən, dövlət əleyhinə çağırışlar edən bir çox mühacir bloger və jurnalist barəsində müxtəlif vaxtlarda cinayət işlərinin qaldırılması, qiyabi həbs və beynəlxalq axtarış qərarları çıxarılması hər birimizin ürəyincədir.
“Ölkədə qanunların icrasına ali nəzarəti həyata keçirən prokurorluq orqanları, eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə və ictimai-siyasi sabitliyin bərpa olunmasında digər hüquq - mühafizə orqanları ilə birlikdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Fürsətdən istifadə edib prokurorluq əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edirəm”- deyə Ç.Qənizadə bildirib.