“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun müəllifi olduğu “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO tərəfindən tanınmış irs nümunələrini bir nəşrdə təqdim edən kitab 2026-cı ildə Bakıda “Təhsil” nəşriyyatında çap olunub. Nəşr UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə dəstəyi ilə işıq üzü görüb.
Kitaba xarici işlər naziri Ceyhun Bayramov ön söz yazıb. Nəşrin baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, layihə rəhbəri isə Seymur Fətəliyevdir. Əsərə akademik Teymur Kərimli və professor Kərim Şükürov rəy veriblər.
Kitabda UNESCO-nun müvafiq siyahı və proqramlarında yer alan 4 maddi-mədəni, 2 təbii, 24 qeyri-maddi mədəni və 3 sənədli irs nümunəsi haqqında məlumat toplanıb.
Nəşrdə İçərişəhər, Qobustanın qayaüstü incəsənəti və Azərbaycanın digər Ümumdünya İrs obyektləri ilə yanaşı, xalqımızın musiqi, sənətkarlıq, mətbəx və mərasim ənənələri, habelə sənədli irs nümunələri təqdim olunur. Hər bir nümunə barədə məlumat UNESCO tərəfindən tanınma prosesi, rəsmi sertifikatlar və fotoşəkillərlə tamamlanır.
Azərbaycan və ingilis dillərində hazırlanmış nəşr ölkəmizin irsinin yerli və beynəlxalq oxuculara tanıdılması üçün məlumat mənbəyidir. Kitab tədqiqatçılar, mədəniyyət və irs sahəsində çalışan mütəxəssislər, diplomatlar, tələbələr, habelə Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanınması ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Müxbir – Tünzalə Arazlı