Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Uşaqlıqdan bəri həvəs göstərdiyim sahə olan baytarlıq təbabəti ixtisasını seçmişəm. Atamın da bu sahədə çalışması məndə baytarlığa maraq yaradıb. Bu məqsədlə Türkiyənin “Hasvet” baytarlıq şirkətinin dəstəyi ilə Xəzər Universitetində təhsil almağa qərar verdim. Əminəm ki, bu seçim peşəkar inkişafımda mühüm rol oynayacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsinin 2-ci kurs tələbəsi Mehmet Tülek söyləyib. O qeyd edib ki, başqa bir ölkəyə köçüb təhsil almağın müəyyən çətinlikləri olur: “Lakin Azərbaycanda bizə hər zaman yaxından kömək göstəriblər. Qarşılaşdığımız çətinlikləri onların dəstəyi sayəsində geridə qoymuşuq. Həm müəllimlərimiz, həm də tələbə yoldaşlarımız öz sahəmizdə inkişaf etməyimiz üçün bizə hər cür şərait yaradırlar. Hazırda təhsil və tələbəlik həyatımız uğurlu və maraqlı keçir”.
Mehmet planlarından danışarkən daha çox maldarlıq sahəsində ixtisaslaşmaq istədiyini bildirib. O, eyni zamanda, baytarlıq cərrahiyyəsi istiqamətində biliklərini artıraraq bu sahədə özünü inkişaf etdirməyi və gələcəkdə yeniliklərə imza atmağı hədəflədiyini deyib.