Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2026–2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikasında 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Elektron sistem vasitəsilə həmin qruplara 2400-dən artıq uşaq qəbul edilib.
Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd uşaqların məktəb təliminə hazırlığının təmin edilməsi, onların oxumağa marağının artırılması, məktəbə müsbət emosional münasibətinin formalaşdırılması, yeni mühitə uyğunlaşması və şəxsi-sosial bacarıqlarının inkişaf etdirilməsidir.
Məktəbəhazırlıq qruplarında həftədə 4 gün, gündə 3 məşğələ keçirilir. Tədris prosesində uşaqların yaş və inkişaf xüsusiyyətləri nəzərə alınmaqla “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” istiqamətləri üzrə məşğələlər təşkil olunur.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Tədris ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.
Müxbir - Nail Əsgərov