Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün təqdimatı keçirilən kitabların Azərbaycan irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyəti böyükdür. Bu nəşrlərin gələcəkdə xarici dillərdə, xüsusilə ispan dilində hazırlanması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib.
Səfir bildirib ki, kitablar artıq Meksika və Peru Milli kitabxanalarına, eləcə də bu ölkələrin Xarici İşlər nazirliklərinin milli arxivlərinə rəsmi olaraq təqdim edilib.
“Kitabların ispan dilində nəşr olunması onların Latın Amerikası ölkələrində daha geniş auditoriyaya çatdırılmasına imkan verə bilər”, - deyə Seymur Fətəliyev qeyd edib. Səfir kitabda Azərbaycanın maddi və qeyri-maddi mədəni irsi ilə bağlı məlumatların sistemli şəkildə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb. O, növbəti mərhələdə kitabın ikinci cildinin hazırlanacağına və Azərbaycan irsinin UNESCO siyahılarında təmsilçiliyinin genişlənməsi ilə nəşrin daha da zənginləşdiriləcəyinə ümidvar olduğunu bildirib.
Müxbir – Tünzalə Arazlı