Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərbaycan irsi UNESCO siyahılarında” kitabında Azərbaycanın tarixi, mədəni, təbii və qeyri-maddi irsinin UNESCO-nun Dünya İrsi Siyahısında, “Dünya yaddaşı” proqramında və digər siyahılarda təqdim olunması ilə bağlı məlumatlar toplanıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimatı mərasimində söyləyib.
Beynəlxalq Türk Akademiyasının prezidenti 2024-cü ildə Türk dünyasının abidələrinin UNESCO siyahısına birgə təqdim edilməsi ilə bağlı keçirilən beynəlxalq konfransda Mustafa Şabanovun da fəal iştirak etdiyini vurğulayıb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın zəngin irsinin beynəlxalq səviyyədə daha geniş təqdim olunması üçün qarşıda mühüm vəzifələr dayanır. O, türk dövlətləri arasında əməkdaşlığın bu istiqamətdə əhəmiyyətini vurğulayıb və Türk dünyası milli komissiyalarının ümumi platformaları çərçivəsində bu sahədə işlərin aparıldığını bildirib.
Beynəlxalq Türk Akademiyasının prezidenti “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabına da toxunub. O, nəşri Azərbaycan tarixinin, xüsusilə numizmatika sahəsinin öyrənilməsi baxımından mühüm tədqiqat əsəri kimi qeyd edib.
Ş.Mustafayev Azərbaycanda numizmatika sahəsində vaxtilə Məhəmməd Seyfəddini və Əli Rəcəbli kimi tanınmış mütəxəssislərin fəaliyyət göstərdiyini xatırladıb. Son illərdə bu sahədə müəyyən boşluğun yarandığını qeyd edən alim numizmatika üzrə yeni tədqiqatların və nəşrlərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Müxbir – Tünzalə Arazlı