Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq
Buxarest, 1 oktyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) quruda yerləşən ən böyük bərpaolunan enerji layihəsinin Rumıniyada həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Ziarul Financiar” nəşri məlumat yayıb.
Britaniyanın “Actis” investisiya fondunun dəstəklədiyi “Rezolv Energy” şirkəti Rumıniyanın qərbində, Arad rayonunda inşa ediləcək “Dama Solar” fotovoltaik layihəsinin maliyyələşdirilməsi üçün 561 milyon avroyadək vəsait cəlb edib.
Günəş elektrik stansiyasının planlaşdırılan gücü 1,3 giqavat təşkil edəcək. Bu, Avropa İttifaqında quruda yerləşən ən böyük bərpaolunan enerji layihəsi olacaq.
Ümumi dəyəri təxminən 728 milyon avro qiymətləndirilən layihəyə Avropa İnvestisiya Bankı 100 milyon avro ayırır. Maliyyələşdirmə “InvestEU” zəmanəti ilə dəstəklənir. Ümumilikdə layihənin maliyyələşdirilməsində kommersiya bankları və beynəlxalq maliyyə institutlarından ibarət 14 kreditor iştirak edir.
“Dama Solar”ın ildə təxminən 1,8 teravatt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcm 2025-ci ildə Rumıniyada Günəş enerjisindən istehsal edilmiş elektrik enerjisinin təxminən 36 faizinə bərabərdir. Stansiyanın istehsal edəcəyi elektrik enerjisi 280 mindən çox ev təsərrüfatının, yəni təxminən bir milyon insanın illik tələbatını ödəməyə kifayət edəcək.
Layihənin Rumıniyanın yüksəkgərginlikli elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulur. Bunun ölkənin daxili bərpaolunan enerji istehsalını artıracağı və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyi bildirilir.
Tikinti mərhələsində 1500-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihə çərçivəsində, həmçinin 82 hektar ərazidə təbiətin bərpası üçün xüsusi zona yaradılacaq.
“Dama Solar”ın kommersiya istismarına 2028-ci ilin ikinci yarısında başlanılması nəzərdə tutulur.