Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır
Bakı, 1 oktyabr, AZƏRTAC
Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır. Sosial həmrəylik və dialoq hər kəsin eyni fikirdə olmasını tələb etmir. Əsas məsələ müxtəlif baxışları yoxlanılmış məlumat və qarşılıqlı hörmət əsasında dəyərləndirmək bacarığıdır. Xüsusilə emosiyaların yüksək olduğu məqamlarda məsuliyyətli və hörmətli kommunikasiya mühüm əhəmiyyət daşıyır. Media belə məqamlarda ortaq məxrəc tapmağa çalışmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.
O bildirib ki, rəqəmsal mühit bu işi daha da aktual edir. Sosial media və digər platformalar Kambocada insanların müxtəlif mədəniyyətlər arasında ünsiyyət qurması və bir-birindən öyrənməsi üçün imkanları genişləndirib. Lakin, eyni zamanda, yanlış və manipulyasiya olunmuş məlumatların daha asan yayılmasına da şərait yarada bilər. Belə məzmun yoxlanılmadan qəbul edildikdə və ya paylaşıldıqda cəmiyyətə ciddi zərər vurur.
"Buna görə də Kamboca media və informasiya savadlılığına xüsusi əhəmiyyət verir. Mən bunu “saxta xəbərlərə yox” kampaniyası ilə ifadə edərdim. İnsanları məlumatı paylaşmazdan əvvəl mənbəni, sübutları və konteksti yoxlamağa təşviq edirik. Bu yanaşma vətəndaşların düzgün və şəffaf məlumatla təmin olunmasına, şübhə və yanlış təsəvvürlər əvəzinə faktlara əsaslanan dialoqun qurulmasına kömək edə bilər", - deyə o qeyd edib.
Fotoqraflar – Tofiq Babayev, Nicat Haşımov