Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır
Bakı, 1 oktyabr, AZƏRTAC
Orta Dəhlizdən danışarkən qeyd etmək lazımdır ki, son 5 ildə Mərkəzi Asiya Azərbaycan üçün ən dinamik iqtisadi və ticarət tərəfdaşlarından birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda deyib.
“Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Lakin bu xüsusiyyət müəyyən mənada bizim üçün strateji seçim yaradıb. Biz bağlantıya, nəqliyyat və logistika infrastrukturuna investisiyalara və coğrafi mövqeyimizdən iqtisadi üstünlük kimi istifadə etməyə böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda enerji və biznes sahələrində bir sıra mühüm layihələr həyata keçirilir. Limanlara, enerji infrastrukturuna və bağlantı imkanlarına investisiyalar artır”, - deyə nazir bildirib.
İqtisadiyyat naziri deyib: “Hesab edirik ki, düzgün investisiyalar və səmərəliliyin artırılması istiqamətində tədbirlər Orta Dəhliz və boru kəmərlərinin inkişafını daha da sürətləndirə bilər. Mərkəzi Asiya ölkələri əlavə ötürücülük və daşıma imkanlarının yaradılmasında çox maraqlıdırlar. Orta Dəhliz Azərbaycanın əsas hissəsini əhatə edəcək və Mərkəzi Asiya ilə daha da sıx əlaqələndiriləcək.
Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı münasibətlər uzun illərdir formalaşdırdığımız regional baxışın bir hissəsinə çevrilib. Siyasi müstəvidə bu proses 2025-ci ildə Daşkənddə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşuldu və bu formatda Mərkəzi Asiyadan kənar ilk tamhüquqlu iştirakçı ölkə oldu. Nazirlər səviyyəsində də əməkdaşlıq inkişaf edir. 2025-ci ilin noyabrında Daşkənddə Mərkəzi Asiya dövlətlərinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclası keçirildi və Azərbaycan da bu iclasda iştirak etdi. Məqsədimiz regional ticarətin həcmini 20 milyard dollara çatdırmaq, birgə istehsalı, texniki xidmət və əməkdaşlığı genişləndirməkdir. İqtisadi və maliyyə cəbhəsində isə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq. Bu fondlar bir neçə ortaölçülü bazarı vahid investisiya portfelində birləşdirir. Bu yolla Azərbaycan bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Türkiyə vasitəsilə Avropa ilə vahid iqtisadi məkan formalaşdırır. Bizim üçün regional əməkdaşlığın nəticəsi yalnız sinerji ilə deyil, konkret nəticələrlə ölçülür”.