Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir
Afina, 1 oktyabr, AZƏRTAC
Yunanıstanın bir sıra aparıcı media qurumları Azərbaycan və Yunanıstan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair Afinada keçirilən danışıqlara geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “iefimerida”, “iEnergeia” və “Parapolitika” nəşrləri Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Afinada keçirilən görüşünü diqqətdə saxlayıb.
Yunanıstan mediasının məlumatına görə, danışıqların əsas mövzularını iki ölkə arasında enerji əməkdaşlığının daha da gücləndirilməsi, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii qaz mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi, eləcə də Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri təşkil edib.
Nəşrlər Yunanıstanın regional enerji qovşağı kimi artan roluna xüsusi diqqət çəkib. Bildirilir ki, Afina enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, region ölkələrini birləşdirən yeni enerji marşrutlarının inkişafına mühüm əhəmiyyət verir.
Bu kontekstdə Yunanıstan tərəfi Şaquli Dəhlizin strateji əhəmiyyətini xüsusi vurğulayıb. Layihənin Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin alternativ enerji mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verə biləcəyi qeyd olunub.
Görüş zamanı elektrik enerjisi sahəsində regional bağlantılar da müzakirə edilib.
Yunan mediasının məlumatlarında Azərbaycanla əməkdaşlığın yalnız təbii qazla məhdudlaşmadığı vurğulanır. Tərəflər bərpaolunan enerji mənbələri, enerji keçidi, təmiz enerji texnologiyaları və qarşılıqlı təcrübə mübadiləsi sahələrində yeni əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Danışıqlar zamanı Azərbaycan və Yunanıstan arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın mövcud dinamikasını müsbət qiymətləndirərək ticarət dövriyyəsinin artırılması və onun strukturunun şaxələndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu bildiriblər.