Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir
Bakı, 1 oktyabr, AZƏRTAC
Təqdimatı keçirilən kitabların UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib. O qeyd edib ki, “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabında Gəncə xanlığının tarixi və qədim pul vahidləri haqqında məlumatlar yer alır. “Azərbaycan irsi UNESCO siyahılarında” kitabında isə UNESCO siyahılarına daxil edilmiş irs nümunələri bir araya gətirilib. Fondun prezidentinin sözlərinə görə, hər iki nəşr oxucuların marağına səbəb olacaq.
“Mədəni irsin öyrənilməsi, qorunması, gələcək nəsillərə çatdırılması Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əsas istiqamətlərindəndir”, - deyə Aktotı Raimkulova bildirib.
Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi arasında formalaşmış əməkdaşlığı da xüsusi qeyd edib. O bildirib ki, bu əməkdaşlıq türk xalqlarının zəngin irsinin UNESCO platformasında təqdim olunmasına və beynəlxalq səviyyədə daha geniş tanınmasına mühüm imkanlar yaradıb.
Bu çərçivədə Məhəmməd Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin 950 illiyi münasibətilə UNESCO-nun Baş Qərargahında keçirilən tədbirləri və Əcəmi Naxçıvaninin 950 illiyi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edən Fondun prezidenti bu layihələrin Azərbaycanın və Türk dünyasının mədəni irsinin UNESCO məkanında tanıdılmasına töhfə verdiyini vurğulayıb.
Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı da yüksək qiymətləndirib. O bildirib ki, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın institutları ilə qurulan əlaqələr elmi birlikləri və mədəni irs sahəsində təcrübəni bir araya gətirməyə imkan verir.
Müxbir – Tünzalə Arazlı