“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir
Bakı, 1 oktyabr, AZƏRTAC
NASA-nın “James Webb” kosmik teleskopu tərəfindən əldə edilən kainatdakı ilk qalaktikaların təsvirləri astrofiziklərə müasir “cırtdan” qalaktikaların əmələ gəlməsi nəzəriyyəsini yenidən nəzərdən keçirməyə və onların təxminən 20 faizinin niyə qeyri-adi dərəcədə aşağı astronomik metal - hidrogen və heliumdan ağır elementlər konsentrasiyasına malik olduğunu izah etməyə kömək edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bat Universitetinin (Böyük Britaniya) mətbuat xidməti məlumat yayıb.
“Hidrogen və heliumdan ağır olan bütün kimyəvi elementlər ulduzların nüvələrində yaranıb. Onların necə əmələ gəldiyini anlamaq üçün ilk ulduzların necə yarandığını və ətrafdakı məkanı daha ağır elementlərlə necə yaydığını öyrənməliyik. Modelimiz simulyasiya nəticələrini “James Webb” kosmik teleskopunun məlumatları və qədim ulduzlardakı maddənin tərkibi ilə müqayisə edərək bir çox nəzəriyyəni sınaqdan keçirməyə imkan verdi”, - deyə Bat Universitetinin dosenti Martin Rey izah edib.
Alimlər qeyd edirlər ki, Süd Yolu və onun daha böyük qonşuları kosmos boşluğunda tək deyil. Onlar həm görünüşü, həm də quruluşu baxımından əhəmiyyətli dərəcədə fərqlənən çoxsaylı “cırtdan” qalaktikaların yanındadır. Xüsusilə, həmin qalaktikalarda demək olar ki, toz yoxdur, ulduzları spiral qalaktikalardakılardan xeyli qədimdir və görünən maddələrində anomal dərəcədə aşağı səviyyədə astronomik metallar var.
Bir çox astronom bu “cırtdan” qalaktikaların qeyri-adi görünüşünü və kimyəvi tərkibini onların kainatın təkamülünün erkən mərhələsində yaranması və o vaxtdan bəri demək olar ki, dəyişməz qalması ilə izah edir. Keçmişdə bu nəzəriyyənin sınaqdan keçirilməsi ən kiçik qalaktikaların, kainatın mövcudluğunun ilk bir neçə yüz milyon ilində əmələ gələnlərin xüsusiyyətləri haqqında dəqiq məlumatların olmaması ilə çətinləşirdi. 2023-cü ildə “James Webb”in orbitə buraxılması bu məsələni həll edib və astronomlara yüzlərlə belə obyekti öyrənməyə imkan verib.
Alimlər həmin görüntülərdən, eləcə də inkişaf etdirdikləri erkən kainatın kompüter modelindən istifadə edərək Böyük Partlayışdan sonrakı ilk 650 milyon ildə bu cür qalaktikaların necə əmələ gəldiyini yenidən izah edirlər. Aparılan hesablamaların bir hissəsi olaraq, alimlər Kainatdakı ilk ulduzların və onların “varislərinin” xüsusiyyətlərini və kimyəvi tərkibini təsvir edən bir neçə məşhur nəzəriyyəni sınaqdan keçiriblər və simulyasiyaların nəticələrini “James Webb” teskopunun məlumatları ilə müqayisə ediblər.
Məlum olub ki, qeyri-sabit supernova cütlüyü - Kainatdakı ilk ulduzların bütün maddələrini əhatə edən güclü termonüvə partlayışları “cırtdan” qalaktikaların kimyəvi tərkibinin formalaşmasında əsas rol oynayıb. Bu supernovaların kütlələri yüksək olduqda, qalaktikalara astronomik metalları tez bir zamanda yayır, Lakin kütlələri aşağı olduqda, yaranan maddənin əhəmiyyətli hissəsi qalaktikalararası mühitə atılırdı. Alimlər belə bir nəticəyə gəliblər ki, “cırtdan” qalaktikaların təxminən 20 faizinin qeyri-adi dərəcədə az miqdarda dəmir və digər ağır elementlər ehtiva etməsi bununla izah olunur.