Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərbaycan irsi UNESCO siyahılarında” kitabı UNESCO siyahısına daxil edilmiş irs nümunələrinin bir nəşrdə toplanması baxımından əhəmiyyətlidir. Bu nəşr yalnız elmə deyil, ümumilikdə Azərbaycan mədəniyyətinə və milli irsin qorunmasına verilən mühüm töhfədir.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimatında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib. O vurğulayıb ki, belə bir kitabın hazırlanmasının arxasında peşəyə sədaqətlə yanaşı, Vətənə böyük sevgi dayanır. O, nəşrin hazırlanmasını vətənpərvərlik baxımından da əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Deputat kitabın xüsusilə gənclər üçün mühüm mənbə olduğunu bildirib. Onun sözlərinə görə, UNESCO siyahısına daxil edilmiş irs nümunələri barədə müxtəlif internet səhifələrindən, qəzet və kitablardan ayrı-ayrılıqda məlumat almaq mümkündür. Bu məlumatların bir nəşrdə sistemləşdirilərək təqdim olunması isə milli yaddaş baxımından xüsusi əhəmiyyət daşıyır.
P.Kərimzadə gələcəkdə kitabın ikinci hissəsinin hazırlanacağına əminliyini söyləyib. Onun sözlərinə görə, bu, yalnız nəşrin davam etdirilməsi deyil, həm də Azərbaycanın mədəni irs nümunələrinin daha da artmasının göstəricisi olacaq.
Deputat “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının Azərbaycan vətəndaşları üçün stolüstü nəşrə çevrilməsinin vacibliyini qeyd edib. Bildirib ki, nəşrin universitet kitabxanalarına təqdim olunması da məqsədəuyğundur.
“Kitabda UNESCO siyahılarına daxil edilmiş irs nümunələri ilə bağlı rəsmi sənədlər də təqdim olunur. Bu baxımdan kitab elmi araşdırma aparan tədqiqatçılar üçün də dəyərli mənbə rolunu oynaya bilər. Kitabın sonunda irs nümunələri ilə bağlı müvafiq mənbələrə keçidlər və linklərin təqdim olunması da nəşrin elmi və informasiya əhəmiyyətini artırır”, - deyə deputat bildirib.
Müxbir – Tünzalə Arazlı