Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
Bakı, 1 oktyabr, AZƏRTAC
Yeni araşdırma antibiotik qəbul edərkən yüksək miqdarda şəkər və şirniyyat istehlakının bağırsaq mikrobiomuna dəyən zərəri artıra biləcəyini göstərib.
AZƏRTAC xəbər verir ki, “NYU Langone Health”, “City of Hope” və “Memorial Sloan Kettering” tədqiqatçılarının apardığı araşdırmada xəstəxanada müalicə olunan 173 xərçəng xəstəsinin 9 mindən çox yeməyi və bağırsaq mikrobiomundakı dəyişikliklər izlənilib. Məlum olub ki, antibiotik müalicəsindən əvvəlki 48 saat ərzində qəbul edilən hər 100 qram əlavə şəkər faydalı bakteriyaların müxtəlifliyinin göstəricisi olan alfa müxtəlifliyinin əlavə 21 faiz azalması ilə əlaqələndirilib.
Tədqiqatda, həmçinin şəkərli qidalarla antibiotiklərin birgə təsirinin potensial olaraq zərərli Enterococcus faecium bakteriyasının artmasına şərait yaratdığı müəyyən edilib. Siçanlar üzərində aparılan təcrübələrdə antibiotik və saxaroza ilə qidalanma bağırsaqda Enterococcus bakteriyalarının sayını əhəmiyyətli dərəcədə artırıb.
Tədqiqat müəlliflərinin fikrincə, antibiotiklər faydalı bakteriyalarla yanaşı, zərərli bakteriyaları nəzarətdə saxlayan mikroorqanizmləri də azaldır. Şəkər isə antibiotiklərdən sağ çıxan bəzi bakteriyaların çoxalması üçün əlavə qida mənbəyi rolunu oynaya bilər.
Mütəxəssislər xüsusilə qan xərçəngi və kök hüceyrə transplantasiyası keçirən xəstələrdə mikrobiomun sağlamlığının mühüm əhəmiyyət daşıdığını bildirirlər. Onların fikrincə, antibiotik müalicəsi zamanı və sonra pəhrizin, xüsusilə də sadə şəkərlərin qəbulunun azaldılmasının mikrobiomun zədələnməsini məhdudlaşdırıb-məhdudlaşdırmadığını müəyyənləşdirmək üçün əlavə klinik sınaqlara ehtiyac var.
Tədqiqatın nəticələri sentyabrın 30-da “Nature” jurnalında dərc olunub.