Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
İstanbul, 1 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırışının yeni qanunvericilik ilinin açılışı münasibətilə parlamentdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Prezident Ərdoğan çıxışında siyasi partiyaların fəaliyyətində Türkiyənin milli maraqlarının əsas götürülməsinin vacibliyini vurğulayıb.
“Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır. Türkiyənin öz daxili dinamikalarından güc alaraq, Türkiyə mərkəzli siyasət həyata keçirməsi lazımdır”, – deyə Prezident bildirib.
Ərdoğan TBMM-nin tarixi roluna da diqqət çəkib. O, 1920–1923-cü illər arasında parlamentdə aparılan müzakirələrin Türkiyənin yenidən qurulması prosesinin şahidi olduğunu qeyd edib.
Türkiyə Prezidenti yeni qanunvericilik ilində iqtidar partiyası və Cümhur İttifaqı olaraq konstruktiv mövqedə qalacaqlarını bildirib. O, fərqli fikir və təkliflər dinlənilməyə davam edəcəklərini də deyib.
Ərdoğan TBMM-nin nüfuzunun qorunmasının vacibliyini də diqqətə çatdırıb: “Milli iradənin təcəssüm etdiyi Türkiyə Böyük Millət Məclisinin nüfuzunu hər şeydən üstün tutmalıyıq”, – deyə o bildirib və yeni qanunvericilik ilində bu məsələyə xüsusi həssaslıq göstərəcəklərini qeyd edib.