Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub
Bakı, 1 oktyabr, AZƏRTAC
Afinada energetika naziri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis Theoharisin həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilmiş görüşün, həmçinin bu ilin mayında Afinada aparılmış siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizin inkişafı, yeni enerji və nəqliyyat bağlantılarının iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 27,6 faiz, cari ilin ilk yarısında isə 25,35 faiz artıb. Ölkələrin iqtisadi potensialından geniş istifadə məqsədilə qarşılıqlı investisiyaların artırılması, özəl sektorlar arasında birbaşa əlaqələrin və birgə layihələrin təşviqi müzakirə edilib. Bu baxımdan iclas çərçivəsində keçirilən Azərbaycan-Yunanıstan Biznes Forumunun əhəmiyyəti qeyd olunub.
İclasda ticarət, biznes və investisiya, sənaye, kiçik və orta biznes (KOB), enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, ətraf mühit və gömrük üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Enerji əməkdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizi və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz təchizatının şaxələndirilməsində strateji rolu vurğulanıb. Bildirilib ki, 2025-ci ildə Yunanıstana 1,1 milyard kubmetr, cari ilin ilk səkkiz ayında isə təqribən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunub. TAP-ın istismara verilməsindən indiyədək Yunanıstana ümumilikdə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 61,4 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Azərbaycanın bərpaolunan enerji potensialının inkişafı, Xəzər regionu ilə Avropa arasında yaşıl enerji bağlantılarının yaradılması üzrə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Yunanıstanın Cənub-Şərqi Avropanın enerji sistemindəki rolu nəzərə alınmaqla, yaşıl enerji, elektrik infrastrukturu və regional bağlantılar, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Nəqliyyat və logistika xüsusunda ötən il ölkələr arasında tranzit yükdaşımaların təxminən 90 faiz artdığı bildirilib. Orta Dəhlizin artan əhəmiyyəti fonunda Cənubi Qafqaz, Avropa və Şərqi Aralıq dənizi arasında bağlantıların inkişafı, liman və dəniz əməkdaşlığının genişləndirilməsi, eləcə də birbaşa hava əlaqələrinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin süni intellekt, rəqəmsal transformasiya, innovasiya və kosmik texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Azərkosmos” ilə Yunanıstan Kosmik Mərkəzi arasında başlayan əməkdaşlıq müsbət qiymətləndirilib. Yunanıstan şirkətlərinin Azərbaycandakı investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan daha fəal yararlanmasının təşviqi vurğulanıb.
Turizm, təhsil, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olub.
İclasın yekunlarına dair Protokol və “Turizm sahəsində 2026-2028-ci illər üzrə Birgə Fəaliyyət Planı” imzalanıb.