Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərbaycan irsi UNESCO siyahılarında” kitabı qlobal məkana və dünya mədəniyyətinə, “Gəncə Xanlığı: sikkə zərbi və pul sistemi” kitabı isə xalqın tarixinə və milli ənənələrinə istiqamətlənib.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun müəllifi olduğu kitabların təqdimat mərasimində söyləyib. O, “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının diplomatik mühitdən ortaya çıxmasının təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, tarix, mədəniyyət və təbiət abidələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün onların təbliği, təqdimatı və müxtəlif prosedurlardan keçirilməsi böyük diplomatik səylər tələb edir.
Ə.Salamzadə qeyd edib ki, bu mərhələyə qədər isə mühüm iş alimlərin və mütəxəssislərin üzərinə düşür. UNESCO siyahılarına təqdim olunan hər bir nominasiya üzrə müvafiq sənədlər hazırlanmalıdır.
Alim bu prosesdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının əməyini xüsusi qeyd edib. Bildirib ki, İçərişəhər, Qız qalası, Qobustan qoruğu, aşıq sənəti, muğam və xalçaçılıq sənətinin UNESCO siyahılarına daxil edilməsi ilə bağlı sənədlərin hazırlanmasında institut əməkdaşlarının da mühüm zəhməti olub.
AMEA-nın müxbir üzvü vurğulayıb ki, Azərbaycanın müstəqillik tarixinin 35 ili ərzində milli tarix, mədəniyyət və təbiətlə bağlı çoxsaylı irs nümunələrinin dünya səviyyəsində tanıdılması əhəmiyyətli nəticədir.
Müxbir – Tünzalə Arazlı