Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
Afina, 1 oktyabr, AZƏRTAC
Yunanıstan oktyabrın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın AMNA dövlət xəbər agentliyinin məlumatına görə, Afina BMT-nin Təhlükəsizlik Şurasına 2025-2026-cı illəri əhatə edən ikiillik qeyri-daimi üzvlüyü dövründə ikinci və sonuncu dəfə sədrlik edəcək.
Yunanıstanın sədrliyi beynəlxalq gündəmdə bir sıra ciddi böhranların olduğu və BMT-nin yeni Baş katibinin seçilməsi prosesinin mühüm mərhələyə daxil olduğu dövrə təsadüf edir.
Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis bildirib ki, ölkəsinin sədrliyi dövründə Təhlükəsizlik Şurası silahlı münaqişələr və mühüm regional böhranlarla bağlı məsələləri nəzərdən keçirəcək. Afina, həmçinin fikir ayrılıqlarının aradan qaldırılmasına, dialoqun gücləndirilməsinə və mümkün olduğu hallarda Təhlükəsizlik Şurasında konsensusun əldə edilməsinə töhfə verməyi qarşıya məqsəd qoyub.
Yunanıstanın sədrliyi dövründə əsas məsələlərdən biri BMT-nin növbəti Baş katibinin seçilməsi prosesi olacaq. Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, Təhlükəsizlik Şurasına sədrlik edən ölkə bu prosesdə mühüm rol oynayır.
Afinanın prioritetləri sırasında beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi, mübahisələrin sülh yolu ilə həlli, dəniz yollarının təhlükəsizliyi və naviqasiya azadlığının qorunması da yer alır. Silahlı münaqişələr zamanı qadın və uşaqların müdafiəsi də Yunanıstanın diqqət yetirəcəyi məsələlər sırasında göstərilir.
Qeyd edək ki, Yunanıstan 2025-2026-cı illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Ölkə bu vəzifəyə BMT Baş Assambleyasında 182 dövlətin səsi ilə seçilib. Bu, Yunanıstanın tarixində üçüncü dəfə Təhlükəsizlik Şurasına üzv seçilməsidir. Bundan əvvəl ölkə 1952-1953 və 2005-2006-cı illərdə Şuranın üzvü olub.
Yunanıstanın BMT-nin Təhlükəsizlik Şurasındakı hazırkı səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.