Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir
Bakı, 1 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi zəngin mütaliəyə və dünya elmi-fəlsəfi irsinə dərindən bələd olub. Şairin “Xəmsə”si onun müxtəlif mənbələrdən bəhrələnərək böyük bir mədəni irsin varisi kimi çıxış etdiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib.
T.Kərimli qeyd edib ki, dünya intibahının başlanğıcını yalnız XIV-XV əsrlərlə məhdudlaşdırmaq düzgün deyil. XI-XII əsrlərdə Şərqdə, o cümlədən Azərbaycan ərazisində yaranmış böyük elmi və ədəbi irs dünya mədəniyyətinin inkişafında mühüm yer tutur. Nizami Gəncəvi yalnız Azərbaycan milli mədəniyyətinin deyil, ümumilikdə dünya mədəniyyətinin irsinin varisidir. Antik mədəniyyətə və fəlsəfəyə aid əsərlərin ərəb dilinə tərcümə edilməsi həmin dövrün alim və sənətkarlarının dünya elmi-fəlsəfi irsi ilə tanışlığına imkan yaradıb və Nizami də bu zəngin irsdən bəhrələnib.
Akademik Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələrinin irsinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan və digər sənətkarların əsərlərinin beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın zəngin mədəni irsinin dünyada təbliğinə xidmət edir.
T.Kərimli diqqətə çatdırıb ki, Azərbaycanda qorunan böyük mədəni irsin yalnız az bir hissəsi UNESCO-nun diqqətinə çatdırılıb. Ölkədə qorunan əsərlərin və əlyazmaların beynəlxalq səviyyədə tanıdılması istiqamətində geniş imkanlar mövcuddur.
Müxbir – Tünzalə Arazlı