AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB
Bakı, 1 oktyabr, AZƏRTAC
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
14:31
Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsinin özünü pis hiss etməsi ilə əlaqədar onlar müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə isə oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər qadın zəhərlənmə şübhəsi ilə Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Hazırda pasiyentlərə zəruri tibbi xidmətlər göstərilir, müalicələri müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və Regional Təhsil İdarəsinin nəzarətində saxlanılır.
Müxbir - Elcan Məmmədov