Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada
Bakı,1 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində QHT rəhbərləri və nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil edilib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, görüşdə narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri, diaqnostika, detoksikasiya, psixoterapiya və sosial adaptasiya mexanizmləri barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və praktiki nüanslar izah edilib.
Tədbirin məqsədi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin maarifləndirmə potensialını artırmaq, asılılıqdan müalicə və reabilitasiya prosesinin düzgün izahı üçün zəruri bilikləri onlara çatdırmaq, eyni zamanda, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı gücləndirməkdir.