Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir
Bakı, 1 oktyabr, AZƏRTAC
CAMCA Mərkəzi Asiya ölkələrindən, Monqolustandan, Qafqazdan, Əfqanıstandan və regionun digər dövlətlərindən nümayəndələri bir araya gətirir, biznes, ekspert icması və müxtəlif sahələrdən olan mütəxəssislər arasında qarşılıqlı əlaqə üçün platforma yaradır. Forumda əməkdaşlıq perspektivləri, cari məsələlər, regionun iqtisadi və investisiya potensialı müzakirə olunur.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində “M-Bank Qırğızıstan”ın Direktorlar Şurasının üzvü Azizbek Omarkulov bildirib.
Onun sözlərinə görə, forum açıq dialoq, fikir mübadiləsi və ölkələr arasında yeni ortaq məxrəc axtarışı üçün imkanlar yaradır.
Süni intellekt və rəqəmsal texnologiyaların region ölkələrinin iqtisadiyyatı və biznes mühiti üçün təklif etdiyi imkanlardan danışan Azizbek Omarkulov müasir texnologiyaların təkcə dövlətlərarası səviyyədə deyil, həm də şirkətlər və fərdlər arasında qarşılıqlı əlaqənin inkişafına kömək etdiyini qeyd edib.
O vurğulayıb: “Bu gün yeni texnologiyalar maliyyə sektoru da daxil olmaqla bütün sahələrdə iş proseslərini əhəmiyyətli dərəcədə sürətləndirir, müxtəlif əməliyyatları sadələşdirir və yeni biznes imkanları yaradır. Süni intellekt gələcək inkişaf üçün ən vacib vasitələrdən birinə çevrilir. Bu səbəbdən AI-nin və müasir rəqəmsal həllərin tətbiqi gündəmdə yüksək yer tutur”.