Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib
Bakı 1 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsinin altıncı ildönümü və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunan yarış sosial inteqrasiyanın və sağlam həyat tərzinin təşviqi, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların sosial təminatı ilə yanaşı, cəmiyyətə inteqrasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə də tədbirlər görülür.
Oyunda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, “Araz-Naxçıvan”ın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da komandalara öz dəstəyini göstərib.
AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan, maraqlı mübarizə və xoş anlarla yadda qalan oyun 6:6 hesabı ilə başa çatıb.
İştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Sonda Agentliyin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin təqdimatında vətənpərvərlik mövzusunda kompozisiya təqdim edilib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin AFFA ilə birgə əməkdaşlığı çərçivəsində ahıllar üçün davamlı olaraq "Gəzinti futbolu" (Walking football) adlı sosial layihə həyata keçirilir. Məşqlər ahıl şəxslərin fiziki aktivliyinin artırılmasına və onların sosial fəaliyyətlərə daha fəal cəlb olunmasına xidmət edir.