“142” Çağrı mərkəzinin əməkdaşları əmək qanunvericiliyinin aktual mövzuları ilə bağlı məlumatlandırılıblar
Bakı, 1 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nazirliyin “142” Çağrı mərkəzinin əməkdaşları üçün əmək qanunvericiliyinə dair təlim keçirilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, təlim “142” Çağrı mərkəzinə daxil olan müraciətlərin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq daha operativ və düzgün cavablandırılması, eləcə də əmək hüquqları və qanunvericiliyin müxtəlif istiqamətləri üzrə əməkdaşların məlumatlılığının artırılması məqsədi daşıyıb.
“142” Çağrı mərkəzinin 25 əməkdaşının iştirak etdiyi təlimdə uşaq əməyinin istismarının qarşısının alınması və uşaqların əmək hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların əmək hüquqları, qeyri-formal məşğulluğun qarşısının alınması, həmçinin əcnəbi işçilərin məcburi əməyə cəlb olunması risklərinin qarşısının alınması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
İştirakçılara qeyd olunan istiqamətlər üzrə əmək qanunvericiliyinin əsas tələbləri, işçi və işəgötürənlərin hüquq və vəzifələri, əmək hüquqlarının təmin olunması, habelə əmək hüquqlarının pozulmasının qarşısının alınması və bu hallarla bağlı müraciətlərin düzgün istiqamətləndirilməsi barədə məlumatlar təqdim olunub.
Təlim zamanı əmək qanunvericiliyinin tətbiqi ilə bağlı praktiki nümunələrə də nəzər salınıb və iştirakçıların sualları cavablandırılıb.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb.