Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün təqdimatı keçirilən kitablar Azərbaycan tarixinin və mədəni irsinin müxtəlif istiqamətlərinin sistemli şəkildə öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib.
Nazir müavini “Azərbaycan irsi UNESCO siyahılarında” kitabında Azərbaycanın UNESCO siyahılarına daxil edilmiş 5 maddi, 24 qeyri-maddi və 3 sənədli irsi, eləcə də digər materialların toplandığını qeyd edib. Bildirib ki, nəşr mütəxəssislər, diplomatlar və Azərbaycan mədəniyyəti ilə maraqlanan xarici auditoriya üçün istinad mənbəyi kimi faydalı olacaq.
S.Yusifova “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabının da Azərbaycan tarixinin və dövlətçilik ənənələrinin mühüm mərhələlərindən biri olan xanlıqlar dövrünün, o cümlədən Gəncə xanlığının müxtəlif aspektlərdən öyrənilməsi baxımından əhəmiyyət daşıdığını bildirib. O, kitabda 1800-dən artıq sikkənin araşdırılmasını və sistemləşdirilməsini, müxtəlif muzey və şəxsi kolleksiyalardakı materialların öyrənilməsini xüsusi qeyd edib. Tədqiqatın Azərbaycan və ingilis dillərində nəşr olunmasının da əhəmiyyətini vurğulayıb.
Nazir müavini Azərbaycanın UNESCO ilə əməkdaşlığının ən zəngin və nəticəyönümlü istiqamətlərindən birinin mədəniyyət sahəsi olduğunu bildirib. Onun sözlərinə görə, UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarında Azərbaycanla bağlı 24 element yer alır və bu göstərici üzrə ölkəmiz 183 ölkə arasında 5-ci yerdədir. UNESCO siyahılarına daxil edilən hər bir element üzrə nominasiya dosyelərinin hazırlanması uzunmüddətli araşdırma, beynəlxalq standartların öyrənilməsi, düzgün sənədləşdirmə, icmalarla əməkdaşlıq və ekspertlərin birgə fəaliyyətini tələb edir.
“Bu uzunmüddətli praktiki təcrübə nəticəsində Mədəniyyət Nazirliyində UNESCO üzrə nominasiya proseslərini yaxşı bilən peşəkar komanda və ekspert şəbəkəsi formalaşıb. Nazirlik bu istiqamətdə ölkəmizdə mühüm ekspertiza və institusional yaddaş mərkəzlərindən birinə çevrilib”, – deyə Səadət Yusifova bildirib. O, Mədəniyyət Nazirliyinin analoji təcrübədən ICESCO çərçivəsində də istifadə etdiyini qeyd edib.
Səadət Yusifova beynəlxalq mədəni irs platformalarında əldə olunan nəticələrin arxasında çoxsaylı mütəxəssislərin əməyinin dayandığını bildirib. O, tarixçilərin, arxeoloqların, etnoqrafların, musiqişünasların, sənətşünasların, memarların və digər sahə mütəxəssislərinin bilik və təcrübəsinin bu prosesdə mühüm rol oynadığını diqqətə çatdırıb.
Müxbir – Tünzalə Arazlı