Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib
Bakı, 1 oktyabr, AZƏRTAC
Türk Tarix Qurumu AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının ikicildlik “Azərbaycan Cümhuriyyəti tarixi” monoqrafiyasını nəşr edib. Bu, 1991-2024-cü illərdə Azərbaycan Respublikasının siyasi tarixinə həsr olunmuş və Türkiyədə çap edilmiş ilk əsərdir.
AZƏRTAC xəbər verir ki, əsər dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının keçdiyi tarixi yolu bilmək istəyən mütəxəssislər üçün dəyərli mənbədir.
1991-ci ildən 2024-cü ilədək Azərbaycan xalqının və dövlətinin keçdiyi tarixi yolun dünya tarix elmində qəbul edilmiş tədqiqat metodlarına uyğun araşdırılıb müxtəlif ölkələrinin elmi ictimaiyyətinə çatdırılması başlıca vəzifələrdən biridir. Musa Qasımlının əsəri bu baxımdan əhəmiyyətlidir.
1991-2003-cü illəri əhatə edən birinci cilddə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi ərəfəsində daxili və beynəlxalq şərait, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının başlanması və ilk nəticələri, dövlət müstəqilliyinin bərpası yolunda atılan ilk addımlar, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilən qərarlar təhlil edilib. Həmçinin 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ağır şərait, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə xalqın dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtulması, 1993-2003-cü illərdə daxili və xarici siyasətdə həyata keçirilən tədbirlər şərh və təhlil olunub.
İkinci cild 2003-2024-cü illəri əhatə edir. Bu cilddə 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdən sonra Prezident İlham Əliyevin elan etdiyi başlıca məqsəd və vəzifələr, Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin atılması, Heydər Əliyev Fondunun fəaliyyətləri, 2009-cu il Konstitusiya referendumu, Azərbaycan Respublikasının birləşdirici güc rolu, Türk Dövlətləri Təşkilatının yaradılması, Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi məsələləri əksini tapıb. Həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, 2016-cı il Aprel döyüşləri və nəticələri, 2016-cı il konstitusiya islahatları, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri, dövlət suverenliyinin tam bərqərar edilməsi və ölkə həyatında yeni dövrün başlanması, 2024-cü ildə növbədənkənar Prezident seçkiləri, Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi “bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” və başqa məsələlər araşdırılıb.