Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın “Improvement and Efficiency Social Enterprise” (IESE) platformasında “Azərbaycanın Mərkəzləşdirilmiş elektron informasiya sistemi sosial təminat üzrə işlərin idarəedilməsində inqilabi dəyişikliklər yaradır” adlı məqalə yayımlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Azərbaycanın sosial müdafiə sistemində reallaşdırılan genişmiqyaslı rəqəmsal transformasiya barədə məlumat verilib.
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin vahid məlumat mühiti formalaşdırmaqla sosial müdafiə xidmətlərinin idarəedilməsində, məlumatların inteqrasiyasında və vətəndaşyönümlü xidmətlərin inkişafında yaratdığı imkanlar diqqətə çatdırılır.
Eyni zamanda, “Digital Bridge” platforması vasitəsilə dövlət və özəl qurumlar arasında məlumat mübadiləsinin və real vaxt rejimində çarpaz yoxlanılmasının təmin edilməsi, süni intellektəsaslı analitik imkanlardan istifadə, məlumat uyğunsuzluqlarının aşkarlanması, eləcə də sosial ödənişlərin proaktiv təyinatı Azərbaycanın rəqəmsal sosial müdafiə modelinin əsas komponentləri kimi təqdim olunur
Məqalədə bildirilir ki, inteqrasiya edilmiş rəqəmsal ekosistem nəticəsində müraciətlərin emal müddəti əhəmiyyətli dərəcədə azalıb, məlumatların keyfiyyəti və xidmətlərin səmərəliliyi yüksəlib, sosial müdafiə xidmətlərinin daha çevik və vətəndaşyönümlü göstərilməsi üçün imkanlar genişlənib.
Qeyd edək ki, IESE platforması ictimai xidmətlərin təkmilləşdirilməsinin və bu sahədə innovativ həllərin təşviqi istiqamətində fəaliyyət göstərir.