Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün təqdimatı keçirilən kitablar əslində bələdçi rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elman Abdullayev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib. O, həmçinin əvvəlki illərdə qeyri-maddi və mədəni irs nümunələrinin UNESCO-nun siyahılarına daxil edildiyini xatırladıb.
E.Abdullayev əlavə edib ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığında biosfer qoruqlarının “İnsan və biosfer” proqramı çərçivəsində tanıdılması yeni istiqamətlərdən biridir.
“Biosfer qoruqlarımızın bu siyahılara daxil olması çox vacib və strateji məqamdır. Ümumiyyətlə, bu istiqamətlərin hamısı stratejidir. Çünki dünyada UNESCO-nun yaratdığı irs siyahısı hər hansı bir xalqın öz irsini dünyaya tanıtmasına imkan verən mühüm platformadır”, - deyə baş katib vurğulayıb.
Elman Abdullayev gələcəkdə bu qəbildən kitabların ingilis, fransız, alman, italyan, ərəb və digər xarici dillərdə nəşr edilməsinin vacibliyini bildirib.
Müxbir – Tünzalə Arazlı