Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı qəbul imtahanlarında 617 bal toplayıb. Yüksək nəticə göstərməsinə baxmayaraq, onun ixtisas seçimi diqqət çəkib. Xaliq Xəzər Universitetində tədrisi ingilis dilində olan HASVET Baytarlıq təbabəti fakültəsini seçib. Bu il baytarlıq ixtisası üzrə keçid balı 373 olub. Xaliqin topladığı 617 bal isə keçid balından çox yüksəkdir. Xaliq Zeynallı AZƏRTAC-ın suallarını cavablandırarkən baytarlıq sahəsinə marağından, ixtisas seçiminin səbəblərindən və planlarından danışıb.
-Qəbul imtahanlarında 617 bal topladınız. Bu yüksək nəticə ilə siz nə üçün məhz baytarlıq ixtisasını seçdiniz?
- Xəzər Universitetində yaradılan şəraitlə əvvəlcədən – həm universitetə gələrək, həm də internet resursları vasitəsilə tanış olmuşdum. Bu məlumatları nəzərə alaraq Xəzər Universitetində baytarlıq ixtisasında təhsil almağa qərar verdim. Bura gəldikdən sonra isə dərs otaqlarını, tədris prosesini və müəllim heyətini yaxından görərək qərarımın nə qədər doğru olduğuna bir daha əmin oldum. Universitetimizin həm yerli, həm də beynəlxalq şirkətlərlə geniş əməkdaşlıq əlaqələri var. Burada beynəlxalq standartlara cavab verən, hətta ölkədə az sayda olan unikal avadanlıq və aparatlardan istifadə olunur. Universitetimizdə mütəmadi olaraq beynəlxalq tədbirlər də təşkil edilir. Bütün bunları nəzərə alaraq Xəzər Universitetini çox perspektivli təhsil ocağı hesab edirəm.
-Baytarlıq sahəsinə marağınız necə yaranıb?
- Demək olar ki, bütün uşaqların heyvanlara marağı olur. Lakin bu marağı düzgün istiqamətləndirmək və bütün amilləri nəzərə alaraq doğru ixtisas seçmək gənclər qarşısında duran əsas məsələlərdən biridir. Çünki ömrümüz boyu məşğul olacağımız sahəni seçərkən hər bir məqamı hərtərəfli düşünməliyik.
Mənim də heyvanlara olan marağım bu ixtisası seçməyim üçün əsas amillərdən biri oldu. Daha sonra dövlətimizin bu sahənin inkişafı üçün yaratdığı geniş imkanları nəzərə alaraq baytarlıq üzrə təhsil almağa qərar verdim. Sevdiyim işlə məşğul olduğum üçün bu sahədə daha tez uğurlar qazanacağıma inanıram.
- Gələcəkdə baytarlıq üzrə hansı istiqamətdə ixtisaslaşmağı düşünürsünüz və bu sahədə əsas hədəfiniz nədir?
- Mən əsasən kənd təsərrüfatı istiqamətində ixtisaslaşmaq istəyirəm. Bununla yanaşı, ekzotik heyvan növlərinə xüsusi marağım var və gələcəkdə onları öyrənməyi planlaşdırıram. Əsas peşəkar fəaliyyətimi kənd təsərrüfatı sahəsində görsəm də, gələcəkdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq, xüsusilə ekzotik heyvan növlərini araşdırmaq istəyirəm.