“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir
Bakı, 1 oktyabr, AZƏRTAC
Gəncə xanlığı tərəfindən zərb olunan pulların üzərində xanların adları göstərilməyib. Sikkələrdə yalnız onların zərb olunduğu illər qeyd edilib. Bu isə tədqiqatçı qarşısında həmin pulların hansı xanın hakimiyyəti dövründə zərb edildiyinin müəyyənləşdirilməsi kimi mürəkkəb məsələ qoyub.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib. O bildirib ki, Mustafa Şabanovun tədqiqatında bu məsələyə yanaşma təqdirəlayiqdir və araşdırma nəticəsində maraqlı elmi məlumatlar ortaya qoyulub. Bu əsərin meydana gəlməsi Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin mühüm istiqamətlərindən birinə töhfədir.
F.Quliyev UNESCO rəsmilərinin tədbirdə iştirakını nəzərə alaraq Azərbaycan xanlıqlarının dövlətçilik ənənəsinin və həmin dövrün tarixi irsinin elmi əsaslarla təbliğinin vacibliyini də vurğulayıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Gəncənin orta əsr keramikasının tədqiqinə də toxunub. Bildirib ki, Gəncənin şirli keramikası, pul zərbi sistemi və digər istiqamətlər üzrə aparılan araşdırmalar kompleks şəkildə həmin dövrün dövlətçilik və mədəniyyət xüsusiyyətlərini əks etdirir.
Alim Azərbaycan tarixi və elmi irsi ilə bağlı tədqiqatların beynəlxalq elmi standartlara uyğun şəkildə hazırlanaraq nəşr olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan alimlərinin araşdırmalarının beynəlxalq elmi dövriyyəyə daxil edilməsi ölkənin elmi yeniliklərinin daha geniş tanınmasına imkan yaradır. Mustafa Şabanovun kitabının üstün cəhətlərindən biri Azərbaycan numizmatikasının mühüm problemlərindən birini gündəmə gətirməsidir. Gəncə xanlığının dövlətçilik atributu olan pul sistemi elmi ictimaiyyətə təqdim olunub.
“Bu işlər davam etdirilməlidir. Biz elm adamları da bu sahədə kompleks tədqiqatlar aparmağa hazırıq”, – deyə F.Quliyev bildirib.
Müxbir – Tünzalə Arazlı