ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanın 4 komandası - “Sabah”, “LANDAU Lions”, “Neftçi” və “Gəncə”nin ölkəni avrokuboklarda təmsil etməsi qürurvericidir. Dörd kollektivin hər birinə inanırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.
O, iki oyunun nəticəsinə əsasən, Estoniyanın “Parnu” komandasını məğlub edərək FIBA Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanan “Neftçi”nin uğurunu mühüm nəticə kimi qiymətləndirib: “Estoniya təmsilçisi ciddi komanda idi. Buna baxmayaraq, “Neftçi” belə bir komandanı məğlub edərək əsas mərhələyə vəsiqə qazandı.
Təmsilçilərimizin şanslarına gəlincə, mən “Sabah”dan bu il Çempionlar Liqasında daha yaxşı çıxış gözləyirəm. Ötən il təcrübə qazandılar. Çox çətin qrupa düşüblər. “Sabah” ötən mövsümün çempionu “Ritas”, Türkiyənin iddialı klublarından “Trabzonspor” və Fransanın tanınmış komandalarından “Nanter”lə eyni qrupda yer alır. Bu il komandamızın qrupda ilk üçlükdə qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazanacağına inanıram”.
Mütəxəssis “LANDAU Lions”un da Avropa Kubokunda sona qədər mübarizə aparacağına inandığını bildirib.
“Neftçi” və “Gəncə”yə gəlincə, onlardan da mümkün qədər çox qələbə, uğurlu nəticələr gözləyirik. İnanıram ki, Azərbaycan basketbolunu, ölkəni ən yaxşı şəkildə təmsil edəcəklər”.
Müxbir – Cavid Əliyev