Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanın həm qeyri-maddi, həm də maddi-mədəni irs nümunələrinin qonşu dövlətlər tərəfindən mənimsənilməsi problemi mövcuddur və bu istiqamətdə məqsədyönlü iş aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib.
G.Baxşəliyeva qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Nizami Gəncəvi, Qətran Təbrizi, Xaqani Şirvani və digər sənətkarların irsi dünya ədəbiyyatında bəzən Azərbaycan mənsubiyyəti lazımi şəkildə göstərilmədən təqdim olunur.
Akademik Azərbaycan alimlərinin bu sahədə apardığı tədqiqatların və hazırlanan əsərlərin beynəlxalq elmi dövriyyəyə daha geniş şəkildə daxil edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan milli irsinin mənimsənilməsi ilə bağlı məsələlərin həlli üçün alimlərin, aidiyyəti dövlət qurumlarının və Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndələrinin birgə fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.
Müxbir – Tünzalə Arazlı