BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Milli QHT Forumuna üzv təşkilatının təmsilçisi Nigar Ramazanova oktyabrın 1-də İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.
AZƏRTAC xəbər verir ki, Nigar Ramazanova çıxışında cəzasızlığın mövcud olduğu şəraitdə davamlı sülhün və insan hüquqlarının təmin edilməsinin mümkünsüzlüyünü bildirib. Qeyd edib ki, münaqişə və işğal illərində azərbaycanlılara qarşı ağır cinayətlər törədilib, lakin hazırda Ermənistanda yaşayan şəxslərdən heç biri məsuliyyətə cəlb edilməyib. Ermənistan cəmiyyətinin bəzi təbəqələri isə həmin şəxsləri qəhrəman kimi təqdim edirlər. Bu isə beynəlxalq ədalət prinsiplərinə ziddir və xalqlar arasında həqiqi barışığa maneə yaradır.
Çıxışda Ermənistan cəmiyyətində revanşist fikirlərin artması da narahatedici məsələ kimi qeyd olunub. Vurğulanıb ki, Azərbaycana qarşı yenidən təcavüzə çağıran, ərazi iddiaları irəli sürən bəzi şəxslər və təşkilatlar hələ də fəaliyyət göstərirlər.
Davamlı sülhə nail olmaq üçün konkret addımların atılmasının vacibliyini qeyd edən Nigar Ramazanova keçmişdə törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olduğunu deyib. O, həmçinin zorakılığa çağıran revanşist təşkilatların fəaliyyətinə son qoyulmasının və qonşu ölkələrə qarşı ərazi iddialarını təşviq edən strukturların ləğv edilməsinin vacibliyini diqqətə çatdırıb.
Bununla yanaşı, mədəni irs məsələsinə də toxunub. Vurğulanıb ki, işğal dövründə Azərbaycanın ərazilərindən bir çox qiymətli mədəniyyət nümunələri Ermənistana aparılıb. O, dünyada oğurlanmış mədəni sərvətlərin geri qaytarılması ilə bağlı çoxsaylı müsbət nümunələrin mövcud olduğunu qeyd edərək, Ermənistanı işğal dövründə Azərbaycandan aparılmış mədəniyyət nümunələrini geri qaytarmağa çağırıb.
Nigar Ramazanova, həmçinin “Christian Solidarity International” təşkilatının ölkəmizi hədəf alan əsassız bəyanat və fəaliyyətlərinin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh və normallaşma prosesinə mənfi təsir göstərdiyini bildirib.