Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” qrant layihəsi çərçivəsində yekun maarifləndirmə təlimləri Xankəndi şəhərində təşkil olunub.
BAMF-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan tələbələr üçün ümumilikdə 2 təlim keçirilib. Təlimlərdən öncə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev işğaldan azad edilmiş ərazilərdə qayıdış, məskunlaşma və təhsil proseslərinin davam etdiyi bir dövrdə əhali, xüsusilə gənclər arasında minaların və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
BAMF-in regional inzibati direktoru Ruslan İbrahimbəyli qeyd edib ki, bu, Fondun Qarabağ Universitetində keçirdiyi növbəti mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) təlimidir. O, həmçinin tələbələrin mövzuya göstərdikləri marağı və təlimlərdə fəal iştirakını yüksək qiymətləndirib.
Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib.
Sessiyalar interaktiv formatda təşkil olunub, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici formalar hədiyyə olunub.
Qeyd edək ki, Qarabağ Universitetində keçirilən bu təlimlərlə sözügedən layihə çərçivəsində nəzərdə tutulan bütün maarifləndirmə tədbirləri yekunlaşıb. Qrant layihəsinin əsas məqsədi Ağdam, Ağdərə və Xocalı rayonlarında, həmçinin Xankəndi şəhərində yaşayan, çalışan, təhsil alan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair məlumatlılığı artırmaq, bununla da mina hadisələrinin qarşısının alınmasına, insanların təhlükəsizliyinin qorunmasına töhfə vermək olub.