Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
Budapeşt, 1 oktyabr, AZƏRTAC
Macarıstan Avropa Baş Prokurorluğuna qoşulmaq üçün mühüm addım atıb.
AZƏRTAC xəbər verir ki, Avropa Baş Prokurorluğunun rəhbəri Laura Kodruta Kövesi Budapeştdə Macarıstanın ədliyyə naziri Marta Göröq, maliyyə naziri Andraş Karman, daxili işlər naziri Qabor Poşfai və Baş prokurorun müavini İştvan Laytar ilə quruma üzvlüyün texniki məsələlərini müzakirə edib. Avropa Baş Prokurorluğu Avropa İttifaqının (Aİ) maliyyə maraqlarına zərər vuran cinayətləri araşdıran və təqib edən müstəqil qurumdur. Onun səlahiyyətlərinə Aİ büdcəsinə qarşı dələduzluq, aktiv və passiv korrupsiya, mənimsəmə, çirkli pulların yuyulması, habelə sərhədlərarası vergi fırıldaqçılığı daxildir.
Macarıstanın Ədliyyə Nazirliyinin məlumatına görə, üzvlük prosesi peşəkar, institusional və qanunvericilik sahələrində mühüm işlər tələb edir. Qanunvericilik dəyişikliklərinin ilk mərhələsində Avropa prokuroru və səlahiyyətli nümayəndələrin seçilməsi sistemi yaradılacaq. Bunun üçün üç qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihələri parlamentə il ərzində təqdim edilə bilər. Seçim prosedurunun müstəqillik, obyektivlik və peşəkarlıq prinsiplərinə uyğun qurulması planlaşdırılır. Nazirlik bununla bağlı aidiyyəti təşkilatlarla geniş məsləhətləşmələr aparılacağını da ayrıca rəsmi şəkildə vurğulayıb.