Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani
Bakı, 1 oktyabr, AZƏRTAC
Xaqani Şirvani klassik irsimizin formalaşmasında böyük rolu olan, öz yenilikləri ilə onu zənginləşdirən, özündən sonra gələn şair və ədiblər üçün məktəb yaradan mənzum və mənsur əsərlər müəllifidir. Xaqaninin söz dünyasına daxil olduqda istedadlı bir şairdən çox, öz dövrünün elmini, fəlsəfəsini, dinini və mədəni yaddaşını poeziyada birləşdirən bir ziyalı ilə, alimlə qarşılaşırıq. Onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışarkən, ilk növbədə klassik Azərbaycan poeziyasının janr baxımından inkişafındakı rolunu qeyd etmək lazımdır. Xaqani qəsidə, qəzəl, rübai və digər poetik janrların imkanlarını genişləndirərək özünəməxsus və mürəkkəb poetik ifadə tərzi yaradıb.
Bunu AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova deyib.
Dosent diqqətə çatdırıb ki, Azərbaycan nəsrinin inkişafından danışarkən ilkin mənbələrdən biri kimi Xaqaninin yaradıcılığına müraciət edilməlidir. “Onun nəsr əsərləri əsasən iki janrda – müqəddimələr, yəni dibaçələr və məktublar formasında qələmə alınıb. Orta əsrlərdə müqəddimələr həm nəsrlə, həm də nəzmlə yazılırdı. Şərq ədəbiyyatı tarixində nəsrlə dibaçə yazan müəlliflərin sayı çox olmayıb. Xaqani də məhz bu azsaylı müəlliflər sırasında yer alır. Xaqaninin ədəbi irsi yaşadığı dövrün tarixini, siyasi vəziyyətini və ədəbi proseslərini araşdırmaq üçün qiymətli mənbədir. XII əsrdə baş vermiş və tarixə “Fitneyi-Ğuzz”, yaxud “Oğuz üsyanı” adı ilə düşmüş faciə bunun bariz nümunələrindən biridir. Bu hadisə nəticəsində Səlcuqlu sultanı Səncər əsir alınıb, minlərlə insan öldürülüb. Əl-Cauzi, İbn əl-Əsir kimi tarixçilərin verdiyi məlumata görə, o dövrdə qətlə yetirdiyi insanların sayı 30 minə yaxın olub. Öldürülənlər arasında dövrünün tanınan alim və imamları, o cümlədən Şafii fəqihi Məhəmməd bin Yəhya da olub. Bu faciə Xaqaninin yaradıcılığına da ciddi təsir göstərib. Şair hadisənin təsiri altında farsca mərsiyələr yazıb. Q.Kəndli-Herisçinin qeyd etdiyi kimi, təxminən 800 il ərzində “Fitneyi-Ğuzz” haqqında yazan təzkirəçilər və tarixçilər bu hadisəyə dair tarixi mənbə kimi Xaqaninin həmin mövzuda qələmə aldığı şeirlərinə də müraciət ediblər”, - deyə alim bildirib.
Xaqanidən məktublar...
Elnarə Zeynalova Xaqanişünaslıqda ən çətin, ən az öyrənilmiş, ən çox məlumat ehtiva edən məktublar barədə də danışıb: “Son dövrdə üzə çıxarılan ərəbcə yazılmış iki məktubun əhəmiyyətini göstərim: Məktublardan birincisi orta əsr Azərbaycan alimi sufi Qutb əd-Din əl-Əbhəriyə yazılıb. Buradan Azərbaycanda sufiliyin yayılması haqqında məlumat əldə etmək olar. Daha sonra məktubda öz ziyalıları ilə məşhur olan Xunəc şəhərindən bəhs edilir, kağız istehsalına, bıçaq hazırlanmasına toxunulur. Bu isə orta əsrlərdə Azərbaycanda sənətkarlığın necə inkişaf etdiyini göstərir. Eyni məlumata İməd əd-Din əl-İsfəhani əl-Kətibin “Xəridətul-qasr va cəridətul-ʻasr” kitabında da rast gəlinir. Artıq bu məktubu lazımı səviyyədə araşdırmaqla öz tariximizi ərəb, fars mənbələrindən deyil, öz şairimizin əsərlərindən öyrənmək imkanı əldə edirik. İkinci məktubun həsr olunduğu şəxs Əvhəd əd-Din əl-Ğəznəvidir. Mənbələrdə haqqında heç bir məlumat yoxdur. Deməli, bu məktub bizi yeni bir tarixi şəxsiyyətlə tanış edir”.
Alim Xaqani irsinin əhəmiyyətinin Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmadığını deyib. Bildirib ki, bu gün orta əsr Şərq poeziyasında dinlərarası simvolikanın ən parlaq nümunələri ilə bağlı məhz Xaqani yaradıcılığına müraciət edilir. Çünki şairin əsərlərində İslamla yanaşı, xristian obraz və simvolikasına da eyni münasibət var. “Şair xristian dininin əsaslarına, xristian teologiyasına və Suryani mədəniyyətinə dərindən bələd idi. Məhz buna görə, Xaqani yalnız Şirvan şairi yox, mədəniyyətlərarası dünyanın şairi adlandırılmalıdır. Bu, onun Şirvana, Azərbaycana bağlılığını azaltmır. Əksinə, Şirvanın, Azərbaycanın XII əsrdə necə böyük bir mədəni mühit yaratdığını göstərir. Bu cəhət O.L.Vilçevski, Jan Rypka kimi xristian alimləri tərəfindən də vurğulanır”, - deyə Elnarə Zeynalova əlavə edib.