İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Qırğız Respublikasının İssık-Kul vilayətində yerləşən Kurmanjan Datka adına Köçəri Sivilizasiya Mərkəzində “Divanü Lüğat-it-Türk” əsərinə həsr edilən sərginin daimi ekspozisiyasının açılış mərasimi olub.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, layihə Qırğız Respublikasının birinci xanımı Ayqul Japarovanın təlimatı əsasında həyata keçirilib.
Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxış edərək sərginin 2024-cü ildə Bişkekdə başlayan yolçuluğunun İssık-Kulda daimi ekspozisiyaya çevrilməsindən məmnunluğunu ifadə edib. O, “Divanü Lüğat-it-Türk” əsərini türk xalqlarının mədəni və dil dünyasına açılan mühüm pəncərə kimi səciyyələndirib, sərginin ortaq irsin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Mərasimdə çıxış edən Türkiyənin Bişkekdəki səfiri Mustafa Kemal Ökem, TİKA-nın rəhbəri Abdullah Eren, Türk Dünyası Vəqfinin İdarə Heyəti sədrinin müavini Osman Özsoy və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soyuzbek Nadırbekov Mahmud Kaşğarinin İssık-Kul və Barskan bölgəsi ilə tarixi əlaqələrinə, əsərin Türk dünyasının ortaq yaddaşındakı roluna diqqət çəkiblər.
Çıxışlarda, həmçinin sərginin regionda türk mədəni irsinin tanıdılması və qorunmasına verəcəyi töhfə vurğulanıb.
Qeyd edək ki, 2024-cü ildə ilk dəfə Bişkekdə, daha sonra 2025–2026-cı illərdə Astana və Türküstanda nümayiş etdirilən səyyar sərgi bundan sonra İssık-Kulda daimi ekspozisiya kimi fəaliyyət göstərəcək. Layihə Türk Mədəniyyəti və İrsi Fondu, TİKA və Türk Dünyası Vəqfinin əməkdaşlığı ilə həyata keçirilib.