Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə çıxış edərək muxtar respublikada ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, hər bir cəmiyyətin dəyərinin ahıl insanlara göstərilən diqqət və ehtiramla ölçüldüyünü vurğulayaraq, onlara göstərilən qayğının gənc nəslin tərbiyəsində də mühüm rol oynadığını qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ölkəmizdə ahıl insanlara və onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, həyat şəraitlərinin yaxşılaşdırılması və sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Bu günün təsis olunmasında əsas məqsəd ahıl insanlara diqqət və qayğının artırılması, onların hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Ramilə Seyidova vurğulayıb ki, ölkəmizdə ahıl insanlar dövlət qayğısı ilə əhatə olunublar. Muxtar respublikada da ahıl sakinlərə müxtəlif sosial xidmətlər göstərilir, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası, eləcə də sağlamlıqlarının qorunması məqsədilə ardıcıl tədbirlər görülür. Ahıl insanlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri təqdim olunur. Komitə sədri müəssisədə sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün yaradılan şəraitdən də bəhs edib.
Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsinin direktoru Nəsimi Kazımov ziyarətə gələn təşkilatlara dərin minnətdarlığını bildirib. Görüş zamanı müəssisə sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəssisə sakinlərinə hədiyyələr təqdim olunub.
Müxbir - Nail Əsgərov