“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
“ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin artıq ölkəmizin müdafiə sənayesinin imkanlarını və hərbi-texniki əməkdaşlıq potensialını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platformaya çevrildiyini düşünürəm. “ADEX 2026”nın miqyası da bunu təsdiqləyir. Sərgidə 30 ölkədən 277 şirkət və təşkilat, 33 ölkədən 45 xarici nümayəndə heyəti iştirak edir. Bu, Azərbaycanın regionda hərbi-texniki əməkdaşlıq baxımından artan rolunun göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O qeyd edib ki, “ADEX”in əhəmiyyəti yalnız hərbi texnika və silah nümunələrinin nümayişi ilə məhdudlaşmır. Sərgi yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi, texnologiyaların öyrənilməsi və müqavilələrin imzalanması üçün mühüm imkan yaradır. Bu baxımdan “ADEX”in Azərbaycanın milli brendinə çevrilməsi ölkəmizin müdafiə sənayesi potensialının dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputatın fikrincə, Azərbaycanın müdafiə sənayesinin bugünkü səviyyəsi uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsidir. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başlayan proses nəticəsində bu gün ölkəmizdə 1000-dən çox adda müdafiə təyinatlı məhsul istehsal olunur. 2023-cü ildə “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması da sektorun inkişafında yeni mərhələ açıb.
Müşfiq Məmmədli hesab edir ki, müdafiə sənayesinin yaradılması təkcə iqtisadi deyil, həm də strateji qərar idi. Yerli istehsal ordunun ehtiyaclarının daha çevik təmin edilməsinə, xarici asılılığın azaldılmasına və yeni texnologiyaların mənimsənilməsinə imkan verir. Qırx dörd günlük Vətən müharibəsi zamanı yerli istehsal məhsullarının real döyüş şəraitində tətbiqi də bu sənayenin inkişafı üçün mühüm təcrübə formalaşdırdı.
“Bu gün Azərbaycan artıq yalnız öz tələbatını təmin edən ölkə deyil, eyni zamanda, müdafiə sənayesi məhsullarını xarici bazarlara çıxaran dövlətdir. Azərbaycanın 30-dan çox ölkəyə müdafiə məhsulları ixrac etməsi “Made in Azerbaijan” brendinin bu sahədə də formalaşdığını göstərir. “ADEX” isə bu potensialın beynəlxalq tərəfdaşlara təqdim olunması və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platformadır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.