“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkil etdiyi “Sərhədsiz incəsənət” sərgisi açılıb. Bu sərgi “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun tədbiri oldu. Şabranda bir həftə ərzində dünyanın hər yerindən istedadlı rəssamlar öz ideyalarını, təəssüratlarını və emosiyalarını rəsm əsərlərində əks etdirib, ideya və təcrübə mübadiləsi aparıblar. Nəticələr açıq yekun sərgidə ictimaiyyətə təqdim olunub.
Yekun sərgidə layihə iştirakçılarının əsərləri nümayiş olunub: Nazim Şah (Azərbaycan), Luka Ququşvili (Gürcüstan), Daçe Strausa (Latviya), Dovile Tomkute (Litva), Stasis Juraşka (Litva), Fərhad Abdi (İran), Zəhra Həbibizas (İran), Zəkəriyyə Erdinç (Türkiyə), İbrahim Vəlixocayev (Özbəkistan) və Avqust Künnapu (Estoniya).
Yekun sərgini Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssami və professor Fərhad Xəlilov açıb. O, bu cür yaradıcı görüşlərin ölkələr arasında mədəni əməkdaşlıq üçün unikal bir fürsət yaratdığını vurğulayıb. Fərhad Xəlilov simpoziumun nəticəsi olaraq bir çox xarici rəssamın ölkəmizə səfər etdiyini və bunun rəssamlarımızla mədəni əməkdaşlığın və yaradıcılıq əlaqələrinin qurulmasına və inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Sərgidə iştirak edən xarici rəssamlara Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim edilib. Simpozium iştirakçıları yaradılan şəraitə görə Azərbaycan Rəssamlar İttifaqına minnətdarlıqlarını bildiriblər.
“Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumu rəssamlar arasında ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edir.