Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yaranmış yeni reallıqları iqtisadi üstünlüklərə çevirməkdir. Xüsusilə regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşdırılması və yeni nəqliyyat marşrutlarının yaradılması ölkəmizin beynəlxalq tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu layihələr Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolunu gücləndirməklə yanaşı, Cənubi Qafqazın beynəlxalq ticarətdə əhəmiyyətini də artıra bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, regional kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması, ticarət dövriyyəsinin genişlənməsi və qarşılıqlı iqtisadi maraqların formalaşması üçün yeni şərait yaradır. Bu prosesin uğuru dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq normalarına riayət və qarşılıqlı razılaşmaların icrasından asılıdır. Azərbaycanın enerji siyasəti də regionun geoiqtisadi əhəmiyyətinin artmasında mühüm rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənub Qaz Dəhlizinin fəaliyyəti və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq tərəfdaşlığını genişləndirir.
“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələri postmüharibə dövründə beynəlxalq hüququn əhəmiyyətini bir daha gündəmə gətirir. Ərazi bütövlüyünün bərpası ilə yaranmış yeni şərait göstərir ki, beynəlxalq hüququn prinsiplərinin praktikada həyata keçirilməsi regionda davamlı sülhün əsas şərtlərindəndir.
Hesab edirəm ki, Cənubi Qafqazın gələcəyi qarşıdurmadan əməkdaşlığa keçid imkanlarının reallaşdırılmasından asılıdır. Azərbaycan nəqliyyat, enerji və iqtisadi bağlantıların inkişafı vasitəsilə bu prosesdə mühüm rol oynaya bilər. Əsas məqsəd regionu yalnız tranzit məkanına deyil, həm də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq platformasına çevirməkdir”, - deyə İ.Hüseynli əlavə edib.