Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır
Bakı, 1 oktyabr, AZƏRTAC
Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda (CAMCA) dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunmuş ikigünlük illik CAMCA Forumu region ölkələrinin mövcud əlaqələri, əməkdaşlığın perspektivlərini və inkişaf etdirilməsi vacib olan istiqamətləri müzakirə etdikləri mühüm platformadır. Bu baxımdan builki regional forumun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı özbəkistanlı jurnalist, “Gazeta.uz”un baş direktoru Davlat Umarov bildirib.
Onun sözlərinə görə, forumun Azərbaycanda təşkili ölkənin beynəlxalq və regional proseslərdə artan rolunun göstəricisidir.
“2025-ci ildə Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına qoşuldu və bununla da format C5-dən C6-ya genişləndi. Azərbaycanın bu təşəbbüslərdə fəal iştirakı Qafqaz ilə Mərkəzi Asiya arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, ölkələr arasında ticarətin və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir”, – deyə Davlat Umarov qeyd edib.
O, forum çərçivəsində müzakirəyə çıxarılan mövzuların aktuallığına da diqqət çəkib. Bildirib ki, gündəliyin formalaşdırılması zamanı şəbəkə çərçivəsində uzun illər ərzində əldə olunan əməkdaşlıq təcrübəsi, eləcə də iştirakçı ölkələr üçün getdikcə daha çox əhəmiyyət kəsb edən məsələlər nəzərə alınıb: “Təhsilə həsr olunan sessiyada müxtəlif ölkələrdən olan mütəxəssislər bu sahədə tətbiq etdikləri müasir texnologiyalar və yanaşmalar barədə təcrübələrini bölüşəcəklər. Belə təcrübə mübadiləsi ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və təhsil sistemlərinin daha da inkişaf etdirilməsi baxımından olduqca vacibdir”.