Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
CAMCA-nın əsas məqsədlərindən biri gənc liderləri müəyyənləşdirmək, onları bir-biri ilə, eləcə də diplomatiya, investisiya və biznes sahələrində zəngin təcrübəyə malik mütəxəssislərlə əlaqələndirməkdir. Belə əlaqələrin qurulması birgə əməkdaşlıq və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.
O qeyd edib ki, forumdan əsas gözləntilər iştirakçıların bir-birini və fərqli yanaşmaları daha yaxından tanıması, həmçinin investisiya, geosiyasi məsələlər üzrə məlumat və fikir mübadiləsinin genişləndirilməsidir.
“İnsanlar arasında birbaşa əlaqələrin qurulması qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirməklə yanaşı, yeni investisiya imkanlarının yaranmasına da töhfə verir”, – deyə Metyu Brayza vurğulayıb.
Rəqəmsal texnologiyaların və süni intellektin iqtisadiyyata təsirindən danışan beynəlxalq ekspert bildirib ki, bu sahələr bütün dünyada iqtisadi prosesləri sürətlə dəyişdirir. Onun sözlərinə görə, transformasiya səhiyyə, neft-qaz, kritik faydalı qazıntılar, təhsil və istehsal da daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir: “İnkişaf etmək və rəqabətqabiliyyətliliyini qorumaq istəyən hər bir şirkət yeni rəqəmsal texnologiyalardan necə səmərəli istifadə edəcəyini müəyyənləşdirməlidir. Bu, region ölkələri üçün də aktualdır. Bildiyim qədər, Azərbaycan hökuməti də iqtisadiyyatın inkişafında rəqəmsal həllərdən səmərəli istifadə edə biləcək mühəndis və mütəxəssislərin sayının artırılmasına böyük önəm verir”.