Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub
Buxarest, 1 oktyabr, AZƏRTAC
Rumıniya Şaquli Qaz Dəhlizi layihəsində iştirakını davam etdirir və ölkə ərazisindən keçəcək qaz magistrallarının inkişafını dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri vəzifəsini icra edən İliye Bolojan “Digi24” telekanalına müsahibəsində bildirib. İ.Bolojan qeyd edib ki, Şaquli Qaz Dəhlizi Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Layihə Yunanıstan limanlarını Rumıniya vasitəsilə Macarıstan, Ukrayna və Slovakiya istiqamətində Mərkəzi və Şərqi Avropa ilə birləşdirəcək qaz nəqli infrastrukturu yaratmağı nəzərdə tutur.
Rumıniya hökumətinin başçısı regionun hazırda istifadə etdiyi əsas qaz təchizatı marşrutlarından danışarkən Azərbaycanı da xüsusi qeyd edib. Onun sözlərinə görə, regiona qazın daxil olduğu əsas istiqamətlərdən biri Türkiyə və Bolqarıstan vasitəsilə Azərbaycandan Macarıstana uzanan marşrutdur. Digər istiqamət isə Rusiya qazının Ukrayna üzərindən Mərkəzi Avropaya nəqli ilə bağlıdır.
İ.Bolojan bildirib ki, Şaquli Qaz Dəhlizinin inkişafı region üçün üçüncü alternativ təchizat marşrutunun formalaşdırılmasına imkan verəcək və bununla da qaz mənbələrinin və nəqli istiqamətlərinin şaxələndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, Rumıniya layihəni dəstəkləyir və zərurət yaranarsa, ölkə ərazisində qaz magistrallarının və interkonnektorların inkişafına əlavə investisiyalar yatırmağa hazırdır.
O, həmçinin bildirib ki, layihə ABŞ administrasiyası ilə aparılan enerji danışıqlarının mövzularından biridir. Məqsəd Yunanıstan terminalları vasitəsilə ABŞ-dən və digər ölkələrdən gətirilən mayeləşdirilmiş təbii qazın Mərkəzi və Şərqi Avropaya nəqli üçün rəqabətqabiliyyətli tariflər və əlavə infrastruktur imkanları yaratmaqdır.
İ.Bolojan vurğulayıb ki, Rumıniyanın coğrafi mövqeyi ölkəyə regional enerji mərkəzi və tranzit dəhlizi kimi mühüm rol oynamaq imkanı verir.