Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov beynəlxalq inteqrasiya və mədəni mübadilə proqramı çərçivəsində təşkil olunmuş ixtisaslaşdırılmış fotosərgidə iştirak edib.
AZƏRTAC xəbər verir ki, sərgi zamanı Elmar Məmmədov Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman ilə görüş keçirib. Tərəflər vizual sənətin beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və humanitar əməkdaşlığın inkişafındakı rolunu müzakirə ediblər.
Görüşdə tarixi və mədəni irsi nümayiş etdirən birgə fotosərgilərin və yaradıcı layihələrin təşkili, gənc fotorəssamlar üçün ustad dərslərinin və beynəlxalq sərgi meydançalarının keçirilməsinə kömək göstərilməsi, vizual sənətdən xalq diplomatiyası və xalqlar arasında dostluğun möhkəmləndirilməsi vasitəsi kimi istifadə olunması mövzuları üzrə fikir mübadiləsi aparılıb.
Elmar Məmmədov bu cür mədəni təşəbbüslərin qarşılıqlı anlaşmanın dərinləşməsi üçün mühüm körpü rolunu oynadığını vurğulayıb. Amira Süleyman isə yeni birgə art-layihələrin reallaşdırılmasına hazır olduğunu bildirib.